İQTİSADİYYAT
Rumıniya Prezidenti “Nabukko” təbii qaz boru kəmərinin inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair qanunu imzalamışdır
Bakı, 6 iyun (AZƏRTAC). Rumıniya Prezidenti Trayan Besesku “Nabukko” təbii qaz boru kəmərinin inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair qanunu imzalamışdır. Bu qanun “Nabukko” layihəsini Rumıniya üçün milli maraq kəsb edən ictimai faydalı kommunal layihə kimi təsnif edir.
“Nabukko” Konsorsiumundan AZƏRTAC-a bildirmişlər ki, qanun layihənin icrası ilə bağlı müxtəlif sahələri - ətraf mühit, normativ qaydalar və mülkiyyətdə olan torpaq sahəsindən istifadə hüququ istiqamətində yerinə yetirilməli tədbirləri, eləcə də digər texniki məsələləri müfəssəl şəkildə təfsir edir. Həmçinin “Xüsusi Nabukko qanunu” Nabukko layihəsi ilə bağlı hüquqi-normativ bazanı daha da möhkəmləndirir.
Qanun bu il mayın 21-də Rumıniya parlamenti tərəfindən ratifikasiya olunmuşdur.
“Nabucco Gas Pipeline International GmbH” şirkətinin icraçı direktoru Reynhard Mitçek bildirmişdir ki, Rumıniya “Nabukko” boru kəmərinin uğur qazanmasında mühüm əhəmiyyət kəsb edən əsas tərəfdaşlardan biridir. Biz layihəyə göstərilən siyasi dəstəyi, habelə layihənin möhkəm hüquqi-normativ bazasını bir daha nümayiş etdirən bu qanunun ratifikasiyasını təqdir edirik. “Nabukko” layihəsi hüquqi və siyasi dəstək, habelə texniki və mühəndis-layihə işləri baxımından artan xətlə inkişaf edir. Öz növbəsində Rumıniya hökuməti də Macarıstan və Bolqarıstandan sonra layihənin tikintisi üçün ekoloji icazəni təqdim edən üçüncü ölkə olmağa hazırlaşır. Biz Xəzər qazını Avropaya nəql etmək üçün “Nabukko” kəməri üzrə lazımi işləri davam etdiririk.
“Nabukko” boru kəməri Cənub-Şərqi Avropanın bazarlarına istiqamətlənən ən qısa marşrutdur. Bu boru kəməri bütövlükdə Balkan ölkələrinin, həmçinin İtaliya və Yunanıstanın bazarlarına birbaşa çıxışı təmin edir. Boru kəməri Türkiyə-Bolqarıstan sərhədində Transanadolu boru kəməri (TANAP) ilə birləşəcək, Macarıstan, Bolqarıstan və Rumıniya ərazilərindən keçməklə, Avstriyanın Baumgarten şəhərində Mərkəzi Avropa qazpaylayıcı qovşağına qoşulacaqdır. Daha sonra qaz Baumgarten şəhərindən “Nabukko” boru kəməri vasitəsilə bütün Avropa üzrə 500 milyon müştəriyə paylanıla bilər.
“Şahdəniz” Konsorsiumu bu ayın sonunda Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Nabukko” və TAP (Transadriatik boru kəməri) layihələri arasında seçim edəcəkdir.