DÜNYA
Rumıniyada hər bir vətəndaşa öz poçt indeksi veriləcək
Buxarest, 23 avqust, AZƏRTAC
Rumıniya Poçt xidməti dövlət müəssisəsinin rəhbərliyi ölkənin hər bir vətəndaşı, o cümlədən uşaqlar və yeniyetmələr üçün bağlamaların alınması üçün unikal poçt indekslər tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, rəsmi məlumata görə, yenilik poçt rabitə işçilərinin işini asanlaşdırmaq, məktub və bağlamaların alıcılara çatdırılması prosesini sürətləndirmək üçün nəzərdə tutulub.
Rumıniya Poçt xidmətinin baş direktoru Valentin Stefan bildirib ki, əvvəllər poçt indeksləri rayonlara, qəsəbələrə bölünürdü və bu da strukturda tez-tez problemlərin əmələ gəlməsinə səbəb olurdu.
O qeyd edib ki, vacib bir rəqəmsal addım atmağın və hər bir Rumıniya vətəndaşına ayrıca poçt “qutusu” təyin etməyin vaxtı gəlib.
Güman edilir ki, yaxın gələcəkdə rumınların mütləq əksəriyyətinin yeni şəxsi poçt indeksləri olacaq.
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest