İQTİSADİYYAT
Rumıniyada keçirilən “SOCAR sadiqliyi mükafatlandırır” kampaniyasına yekun vurulub
Avqustun 29-da bu münasibətlə Rumıniyanın Ramnicu-Valcea şəhərində “SOCAR” brendi altında yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsində keçirilən mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Kokoş Vasilie, ARDNŞ-in Rumıniya nümayəndəliyinin və “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, yerli mətbuat nümayəndələri iştirak ediblər. 15 avqust-15 sentyabr tarixlərini əhatə edən kampaniyanın ikinci mərhələsi çərçivəsində ARDNŞ-in Rumıniya ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən 50 lei-lik (11 AZN) yanacaq və ya məhsul alan hər bir müştəri kupon əldə edərək lotereyada iştirak etmək hüququ qazanıb. Qaliblərin adını püşkatma yolu ilə qutudan Ramnicu-Valcea şəhəri icra hakimiyyəti başçısının müavini Kokoş Vasilie çıxarıb. Rumıniya istehsalı olan DACİA LOGAN, DACİA DUSTER avtomobillərini və digər hədiyyələri qazanan müştərilər ARDNŞ-in Rumıniya nümayəndəliyinə dəvət olunacaqlar. Burada onlara avtomobillərin açarları və hədiyyələr təqdim ediləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest