İQTİSADİYYAT
Rumıniyanın “SİVECO” şirkəti Azərbaycanda “Elektron hökumət” quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizlə əməkdaşlıqda maraqlıdır
Bakı, 14 mart (AZƏRTAC). Rumıniyanın “SİVECO” şirkəti Azərbaycanda “Elektron hökumət” quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizlə əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Rumıniyanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı şirkətlərindən olan “SİVECO”nun prezidenti və baş icraçı direktoru İrina Sokonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə danışılmışdır.
Azərbaycanda İKT sahəsində görülən işlər, respublikada informasiya texnologiyaları istiqamətində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf tempinin ildən-ilə yüksəldiyini vurğulamışdır. Ölkədə həyata keçirilən yerli və regional layihələr, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərinin çatdırılmasını nəzərdə tutan “Evlərə optika” modelindən, “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “EuraCA” (Eurasian Connectivity Alliance) layihələrindən söz açan nazir, “SİVECO”nun gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulamışdır.
Azərbaycanda İKT-nin inkişafından danışan İrina Soko respublikamızda 2013-cü ilin informasiya-kommunikasiya ili elan edilməsini bu sahəyə dövlət tərəfindən diqqətin göstəricisi kimi dəyərləndirmişdir.
Azərbaycanda İKT vasitəsilə təhsilin inkişafı, səhiyyə sistemində yeni həllər, aqrar sektorda məhsuldarlığın artırılması ilə əlaqədar proqram təminatının tətbiqində yaxından iştirak etdiklərini vurğulayan “SİVECO” rəsmisi gələcəkdə də “e-təhsil”, “e-səhiyyə”, “e-biznes”, “e-kənd təsərrüfatı”, “e-gömrük” və s. kimi sahələrdə İSO standartları alan elektron həllərlə bağlı faydalı təkliflər vermək niyyətində olduqlarını bildirmişdir.
Görüşdə nazir Ə.Abbasov ölkəmizdə İKT sahəsi üzrə aparılan islahatlarda Rumıniya təcrübəsinin səmərəli olacağına əminliyini ifadə etmişdir.