MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Böyük Vətən Müharibəsinin qəhrəmanı, qırıcı-təyyarəçi Cahangir Bağırovun xatirə gecəsi keçirilmişdir
Bakı, 17 may (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Böyük Vətən Müharibəsinin qəhrəmanı, 1943-cü ilin iyununda qəhrəmancasına həlak olmuş qırıcı-təyyarəçi Cahangir Bağırovun xatirə gecəsi keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gecə rejissor Nazim Rzaisrafiloğlunun 1995-ci ildə çəkdiyi Cahangir Bağırova həsr olunmuş “Ərş qardaşları” filmindən parça ilə başlanmışdır. Film Böyük Vətən Müharibəsində qəhrəmanlıqla vuruşmuş azərbaycanlı təyyarəçilərlə bağlı arxiv materialları əsasında çəkilmişdir.
Gecənin aparıcısı, yazıçı-publisist Sevinc Heydərova C.Bağırovun faciəli taleyindən danışmışdır. Müharibənin ilk günlərindən Cahangir Moskva ətrafında hava döyüşlərində iştirak etmişdir. 1943-cü ilin iyununda Oboyan şəhərindəki mühüm hərbi obyektləri almanlardan müdafiə edərkən 8 düşmən bombardımançı təyyarəsini vurmuş, lakin özü həlak olmuşdur. Bu qəhrəmanlığına görə baş qvardiya leytenantı C.Bağırov ölümündən sonra Lenin ordeni ilə təltif edilmişdir.
Şair Sergey Şaulov, yazıçı, tədqiqatçı və publisist Teyyub Qurbanov, yazıçı Yuri Məmmədov vətənpərvər oğulların xatirəsinin daim əziz tutulmasının və gənc nəslə layiqli nümunə kimi təqdim olunmasının vacibliyindən danışmışlar.