MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində veteranların gənclərlə görüşü keçirilmişdir
Bakı, 23 iyun (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Böyük Vətən Müharibəsinin başlanmasının 71-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin Azərbaycan Veteranlar İttifaqı və respublika bir alayda xidmət etmiş veteranlar bölməsi ilə birlikdə təşkil etdiyi tədbirdə həmvətənlər təşkilatlarının, gənclər birliklərinin nümayəndələri, veteranlar, şagirdlər, gənclər, jurnalistlər iştirak etmişlər.
RİMM-in sərgi salonunda “Qalx, ey böyük ölkə!” adlı fotosərgi açılmışdır.
Tədbirin rəsmi hissəsi məşhur sovet diktoru Yuri Levitanın faşist Almaniyasının Sovet İttifaqına hücumunun başlanmasını elan etməsinin lent yazısının dinlənməsi ilə başlanmışdır.
“Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov tədbir iştirakçılarını salamlayaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu cür tədbirlərin əhəmiyyətindən danışmışdır.
Bir alayda xidmət etmiş veteranlar bölməsinin sədri Rasim Muxtarov, Böyük Vətən müharibəsi veteranı, general Bahadur Hüseynov, bir alayda xidmət etmiş veteranlar bölməsi sədrinin müavini Aleksandr Qritçenko, İsmayıl Qasımov, Sergey Buxanov, Leninqrad blokadasının iştirakçısı Valentina Əliyeva ağır müharibə illərində, faşizm üzərində qələbədə vətənpərvərliyin və sovet xalqlarının həmrəylərinin mühüm rol oynamasından danışmışlar. Veteranlar gənclərə ataların qəhrəmanlığından nümunə götürməyi tövsiyə etmişlər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) mətbuat xidmətinin rəhbəri Məcid Musayev bildirmişdir ki, gənclər ata və babaların şücaətini unutmur və həmişə onlarla fəxr edirlər. Böyük Vətən müharibəsinin tarixinə və o dəhşətli günlərin şahidlərinin xatirələrinə olan maraq buna sübutdur. M.Musayev demişdir ki, Böyük Vətən müharibəsinin başlanmasının 71-ci ildönümü günü ATGT-nin fəallarının Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 400-dən çox veteranın xatirəsi əsasında çəkdiyi “Canlı tarix” sənədli filminin təqdimatı keçirilmişdir.
“İrəli” İctimai Gənclər Təşkilatının fəalı Fərhad İbrahimov bildirmişdir ki, gənclər Böyük Vətən müharibəsi haqqında dolğun məlumat toplamağa çalışır və tarixin təhrif olunması və saxtalaşdırılması cəhdləri ilə bundan sonra da mübarizə aparacaqdır.
Tədbir müharibənin birinci günündən bəhs edən “Müharibə. İlk 24 saat” sənədli filminin nümayişi ilə başa çatmışdır. Müharibənin az məlum olan səhifələrindən, sərhədçilərin və atıcı hissələrin qəhrəmanlığından bəhs edən film böyük maraq doğurmuşdur.