MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus dili kurslarının məzunları üçün ədəbi-musiqili tədbir keçirilmişdir
Bakı, 5 iyul (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rus dili kurslarında tədris ilinin başa çatmasına həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Şənliyin devizi Anna Axmatovanın “Rus dili, böyük rus sözü, biz səni hifz edəcəyik” sözləri olmuşdur.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə RİMM-in Rus dilinin elmi-metodiki mərkəzinin müəllimləri, valideynlər və kursların dinləyiciləri iştirak etmişlər.
“Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov dinləyiciləri tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edərək, baza və elementar səviyyə proqramları çərçivəsində əcnəbi dil kimi rus dili kurslarının başa çatdığını təsdiqləyən sertifikatları onlara təqdim etmişdir.
RİMM-in metodisti, Bakı Slavyan Universitetinin dosenti Nailə Səfərova də rus dili kurslarının müəllimləri adından çıxış edərək dinləyiciləri təbrik etmiş, onların rus dilinə böyük maraq göstərdiklərini qeyd etmişdir. O vurğulamışdır ki, RİMM-də təkcə dilin öyrənilməsi üçün deyil, həmçinin Rusiyanın zəngin tarixi və mədəniyyəti ilə hərtərəfli tanışlıq üçün çox gözəl şərait yaradılmışdır.
Kursların məzunları müasir texniki bazanın və yenicə çapdan çıxmış metodik ədəbiyyatın köməyi ilə rus dilinin səmərəli öyrənilməsi üçün yaradılan imkana görə “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbir konsert proqramı ilə davam etmişdir. Proqram qonaqların rus ənənəsinə uyğun duz-çörəklə salamlanması ilə başlanmışdır. Məzunlar rus şairlərinin şeirlərini oxumuş, rus məsəlləri və atalar sözləri sahəsində biliklərini sınamış, Rusiya bəstəkarlarının populyar mahnılarını, rus və Azərbaycan milli rəqslərini ifa etmişlər.