DÜNYA
Rusiya Prezidenti MDB ölkələri ilə viza rejiminin tətbiqinin əleyhinədir
Moskva, 8 oktyabr (AZƏRTAC). Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri ilə viza rejiminin tətbiqinin əleyhinədir. Rusiya dövlətinin başçısı bu barədə fikrini Asiya və Sakit Okean İqtisadi Birliyi ölkələri dövlət başçılarının zirvə görüşünün nəticələri ilə bağlı keçirilmiş mətbuat konfransında bildirmişdir.
Vladimir Putin Rusiyada miqrantlarla bağlı suala cavab verərkən demişdir: “MDB çərçivəsində viza rejiminin tətbiqi keçmiş Sovet İttifaqı respublikalarını özümüzdən uzaqlaşdırmaq deməkdir. Biz uzaqlaşdırmamalı, əksinə, yaxınlaşdırmalıyıq. Lakin bu prosesi daha sivil həyata keçirmək, işi elə qurmaq lazımdır ki, yerli əhali qıcıqlanmasın, əksinə, razı qalsın. Əmək bazarımız yerli əhalinin tutmadığı iş yerlərinin tutulmasına ehtiyac duyur”.
Prezident əlavə etmişdir ki, miqrantlar da Rusiya qanunlarına, rus mədəniyyətinə və ənənələrinə hörmət bəsləməlidirlər: “Bütün miqrantlar aydın başa düşməlidirlər ki, əgər onlar Rusiya Federasiyasına gəlirlərsə, regionun tarixini, mədəniyyətini bilməli, ənənələrimizə, qanunlarımıza və mədəniyyətimizə hörmətlə yanaşmalıdırlar”.
V.Putin miqrantların məşğulluğu məsələsinə hüquq mühafizə orqanlarının və ictimaiyyətin nəzarət etməsinin vacibliyini də vurğulamışdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva