DÜNYA
Rusiya və Türkiyə prezidentləri Ukrayna böhranını müzakirə etməyiblər
Moskva, 13 oktyabr, AZƏRTAC
Rusiya və Türkiyə prezidentləri Astana görüşü zamanı Ukrayna böhranını müzakirə etməyiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan təkbətək söhbət ediblər. Görüş təxminən saat yarım çəkib.
İki ölkənin liderləri Türkiyədə qaz nəqli qovşağının yaradılması məsələsini ətraflı müzakirə ediblər. V.Putin Türkiyənin energetika və təbii sərvətlər naziri, eləcə də BOTAŞ şirkətinin rəhbərliyi ilə məsləhətləşmələrdən sonra daha bir qaz nəqli sisteminin tikintisi, Türkiyədə qaz qovşağının yaradılması təklifini irəli sürdüyünü deyib.
D.Peskov jurnalistlərə bildirib ki, bu məsələnin qısa zamanda ətraflı öyrənilməsi tapşırığı verilib. Kremlin sözçüsü Türkiyə tərəfinin bu məsələyə müsbət yanaşdığını və maraq göstərdiyini vurğulayıb.
Xatırladaq ki, Prezident Vladimir Putin Rusiya qazının nəqlini “Şimal axını” kəmərindən “Türk axını” kəmərinə yönəltməyi və Türkiyədə qaz nəqli qovşağı yaratmağı təklif etmişdi. Onun sözlərinə görə, bu layihə iqtisadi cəhətdən daha faydalı və təhlükəsizdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva