MƏDƏNİYYƏT
Rusiya və Ukraynanın tanınmış xoreoqrafları Bakıda ustad dərsləri keçəcək
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 19-20-də Bakıda ilk dəfə “Dance start 4” layihəsi çərçivəsində Rusiya və Ukraynanın tanınmış xoreoqrafları, populyar TOP rəqs məktəblərinin pedaqoqları - Kolya Barni və Artur Yemçikin iştirakı ilə ustad dərsləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Nero Dance Center”də baş tutacaq ustad dərsləri rəqslə məşğul olmaq istəyənlər, rəqs növünü və ya istiqamətini seçə bilməyənlər üçün nəzərdə tutulur. Layihə çərçivəsində professional xoreoqraflar öz biliklərini rəqqaslarla bölüşməklə yanaşı, bu sahədə yeni olanlara dəyərli məsləhətlər verəcək, istiqamət və üslub seçimində onlara köməklik göstərəcəklər. Layihəsinin məqsədi müasir rəqs sənətini populyarlaşdırmaq, o cümlədən Azərbaycan rəqs mədəniyyətinin inkişafına dəstək olmaqdan ibarətdir.
Daha ətraflı məlumatı https://www.facebook.com/nerodancecentre və https://www.instagram.com/nerodancecenter ünvanlarından əldə etmək olar.