DÜNYA
Rusiyada bir ailənin dörd üzvünü qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri arasında Ermənistan vətəndaşı da var
Moskva, 1 mart, AZƏRTAC
Ermənistan vətəndaşı Rusiyada bir ailənin dörd üzvünün qətlə yetirilməsində təqsirli bilinir.
AZƏRTAC xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Nijni Novqorod vilayətinin Kudma qəsəbəsində bir ailənin dörd üzvü - 5 yaşlı uşaq, anası, nənə və babası qətlə yetirilib. Ailənin digər üzvü - 13 yaşlı qız hadisə zamanı idman zalında, ata isə ezamiyyətdə olub. Hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir.
Qətli törədənlərin ailənin yaşadığı evdə təmir işləri ilə məşğul olan şəxslər, o cümlədən Ermənistan vətəndaşı Armen Atabekyan olduğu müəyyənləşdirilib. Cinayətdə şübhəli bilinən dəstə üzvləri oğurladıqları avtomobillə hadisə yerindən qaçmağa çalışarkən Vladimir vilayətində saxlanılıblar.
Faktla bağlı təhqiqat aparılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva