DÜNYA
Rusiyada “Moskviç” avtomobillərinin yenidən istehsalına başlanacaq
Moskva, 16 may, AZƏRTAC
Rusiyanın paytaxtı Moskvada “Moskviç” avtomobillərinin yenidən istehsalına başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin şəxsi bloqunda yazıb.
O bildirib ki, Moskvadakı “Renault” zavodu şəhərin balansına keçib və orada “Moskviç” brendi altında avtomobillər buraxılacaq.
Əsas tərəfdaşı “Kamaz” konserni olacaq zavodda ilkin mərhələdə yanacaqla işləyən, sonradan isə elektrik avtomobillərinin istehsalı planlaşdırılır.
Qeyd edək ki, “Renault Rusiya” zavodunun səhmləri Moskva hökumətinə, “Avtovaz” konsernindəki payı isə Mərkəzi Avtomobil və Avtomobil Mühərrikləri Elmi Tədqiqat İnstitutuna verilib.
“Renault” şirkəti bu il fevralın 28-də logistik zəncirin pozulmasını səbəb gətirərək Moskva zavodunda fəaliyyətini dayandırmaq barədə qərar verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva