DÜNYA
Rusiyada prezident seçkiləri kampaniyası başlayıb
Moskva, 18 dekabr, AZƏRTAC
Rusiyada növbəti prezident seçkiləri kampaniyasına bu gündən rəsmi şəkildə start verilib. Federasiya Şurasının bu barədə qərarı “Rossiyskaya qazeta”da nəşr olunub.
AZƏRTAC xəbər verir ki, bu gündən Rusiyada partiyalar namizədlərini təsdiq etmək üçün qurultaylar, öz təşəbbüsü ilə namizədliklərini irəli sürən şəxslər dəstək qruplarının iclaslarını keçirməyə başlayacaq, müvafiq olaraq 20 və 25 gündən sonra Mərkəzi Seçki Komissiyasına qeydiyyat üçün ərizə ilə müraciət edə biləcəklər.
Eyni zamanda, bu gündən prezident seçkilərinin təşkili və keçirilməsi üçün federal büdcədən maliyyə vəsaiti daxil olmağa başlayacaq. Rusiyada prezident seçkilərinin təşkili üçün 2018-ci ilin büdcəsində 14,807 milyard rubl vəsait nəzərdə tutulub.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva