ELM VƏ TƏHSİL
Rusiyalı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində
Bakı, 13 sentyabr, AZƏRTAC
Rusiyalı qonaqlar - “VELES Kapital” (“ВЕЛЕС Капитал”) kompaniyasının direktoru Аleksey Qnedovski, Mədəniyyət Nazirliyinin əməkdaşı Yelena Tixomirova və hərb tarixçisi Dmitriy Kloçkov Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi 2020-ci il yanvarın 29-dan martın 29-dək Moskvada Ümumdünya Tətbiqi-Dekorativ və Xalq İncəsənəti Muzeyində keçiriləcək “İmperiya və Qafqaz” sərgisi ilə bağlı MATM-ın silah kolleksiyası ilə tanışlıq olub.
MATM-ın direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə rusiyalı qonaqlar keçiriləcək sərgi haqqında ətraflı məlumat veriblər. N.Vəlixanlı keçiriləcək sərginin əhəmiyyətini vurğulayıb, muzeydə qorunan tarixi silahlar haqqında qonaqları məlumatlandırıb. Alim muzeyin 100 illik yubileyinin 2020-ci ildə keçiriləcəyini diqqətə çatdırıb.
Sonra rusiyalı qonaqlar muzeylə, o cümlədən Silahlar və bayraqlar fondunun materialları ilə yaxından tanış olublar.