İQTİSADİYYAT
Rusiyanın Şimal paytaxtında Avrasiya İvent Forumu açılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Sankt-Peterburqda Avrasiya İvent Forumu işə başlamışdır. Forumda Avrasiya birliyi ölkələrinin sənaye mütəxəssisləri bir yerə toplaşmışlar.
Rusiya İnvestisiyalar və Strateji Layihələr Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, forumda 15 Avropa və Asiya ölkəsinin, o cümlədən Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan və Polşanın, habelə Baltiya və Skandinaviya ölkələrinin biznes qurumları iştirak edir.
Bazarın aparıcı oyunçuları tədbirə böyük maraq göstərmişlər. Avrasiya İvent Forumunda dünyanın ilk onluğa daxil olan sərgi şirkətləri - “Reed”, “Messe Frankfurt”, UBM, “Messe Düsseldorf”, “Fiera Milano”, Deutshe Messe”, “ITE Group” təmsil olunmuşdur.