ELM VƏ TƏHSİL
Rusiyanın tanınmış alimləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Rusiyanın Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbinin (AİM) professorları - Vyaçeslav Sirotin və Marina Arxipova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbində (RİM) mühazirə oxuyublar. Mühazirə AİM ilə UNEC arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Sosial-iqtisadi tədqiqatlarda obyektlərin təsnifat problemləri” mövzusunda mühazirə məktəbin müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.
Sonra rusiyalı alimlər sualları cavablandırıblar.
RİM-in direktoru Mənsur Bərxudarov qonaqlara UNEC-də həyata keçirilən yeniliklər, rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.