DÜNYA
Sabah Donald Trampın Almaniya, Fransa və Rusiya liderləri ilə telefon danışığı olacaq
Bakı, 27 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də telefon vasitəsilə Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Rusiya Prezidenti Vladimir Putinlə danışacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib. Bir qədər əvvəl ABŞ Prezidentinin müşaviri Kelliann Konuey CBS telekanalına müsahibəsində Donald Trampın telefon danışığı zamanı Vladimir Putinlə “radikal İslam terrorizminə” qarşı mübarizəni, həmçinin bir sıra digər məsələləri müzakirə edəcəyini deyib.
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov da Vladimir Putin və Donald Tramp arasında şənbə günü telefon danışığı olacağını təsdiqləyib. Onun sözlərinə görə, prezidentlər ikitərəfli münasibətlərin mövcud vəziyyəti ilə bağlı əsas parametrlər üzrə fikir mübadiləsi aparacaqlar.