İQTİSADİYYAT
Sabahdan 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik avtobuslar veriləcək
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 23-dən 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik “Isuzu Citiport” markalı avtobuslar cəlb ediləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, BNA-nın tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "Isuzu Citiport" markalı nəqliyyat vasitəsilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istifadəsinə yanvarın 23-dən veriləcək.
Göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.