REGİONLAR
Şabranda evdən oğurluq edən iki nəfər saxlanılıb
Şabran, 26 aprel, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən iki şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların Şabran rayon sakini Sənan Məstanov və onun tanışı olan bir yeniyetmənin olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan əşya və avadanlıqların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.