İQTİSADİYYAT
Şahdağ Qış-Yay Turizm Kompleksinin qaz təminatı yüksək səviyyədə qurulmuşdur
Bakı, 7 iyun (AZƏRTAC). Qusar rayonu ərazisində inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisinə qaz xəttinin çəkilişi ilə bağlı işlər yekunlaşmışdır.
Kompleksin təbii qazla təmin edilməsi üçün 35,7 kilometr uzunluğunda 325 mm-lik yeni qaz kəməri çəkilmiş, müasir tipli Avtomatik Qazpaylayıcı Stansiya inşa edilmişdir. İnşa edilən qaz avadanlıqlarının kipliyi və möhkəmliyi yoxlanılmışdır və istismara hazır vəziyyətdədir.
Kompleksin tərkibinə daxil olan bütün infrastrukturu təbii qazla təchiz edəcək yeni qaz kəməri həmçinin, idman obyektlərinin elektrik enerjisi ilə də təchizatında mühüm rol oynayacaq. Belə ki, burada elektrik enerjisi təbii qazla istehsal olunacaqdır. Bundan başqa, kəmərin çəkildiyi ərazidə yerləşən 13 kəndin də qazlaşdırılması üçün əlverişli imkan yaranmışdır.
Qaz kəməri mürəkkəb dağ şəraitində çəkilmişdir. Tikinti işləri zamanı ətraf mühitə ziyan vurulmaması, yaşıllıq zonalarının qorunması məqsədi ilə ekoloji cəhətdən təmiz və müasir texniki üsul və texnologiyalardan istifadə edilmişdir. Ümumiyyətlə, qaz kəməri regionun ekoloji şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir. Belə ki, müasir tipli Avtomatik Qazpaylayıcı Stansiyada təbii qaz əlavə olaraq təmizlənir, qazın təzyiqi tənzimlənir və sərf olunan qazın qeydiyyatı aparılır. Stansiya işə düşəndən sonra onun idarə edilməsi üçün sutkada yalnız iki nəfər işçi cəlb olunacaqdır.