İQTİSADİYYAT
“ŞAHDƏNİZ” YATAĞININ İŞLƏNİLMƏSİ LAYİHƏSİNDƏ ARDNŞ-İN PAYINI MALİYYƏLƏŞDİRMƏYƏ KREDİT AYRILMASI İMKANI NƏZƏRDƏN KEÇİRİLİR
ARDNŞ “Şahdəniz” layihəsinə dair ekoloji sənədlərin tam paketini AYİB-ə təqdim etmiş və o, tezliklə ictimai müzakirəyə çıxarılacaqdır. Krediti 2004-cü ildə təsdiq etmək nəzərdə tutulur. “Şahdəniz” layihəsinin birinci mərhələsinin həyata keçirilməsinin dəyəri 750-800 milyon dollar olacaqdır. Ümumiyyətlə, birinci mərhələyə dənizin dərinliyi 105 metrə çatan sahələrində 15 quyu qazmaq üçün TPG500 platformasının quraşdırılması, 300 metrədək dərinlikdə qazılacaq 5 quyunun yerləşdiyi sahədə sualtı hazırlıq işləri aparılması, TPG500 platformasından Səngəçal terminalınadək hərəsinin uzunluğu 100 kilometr olan iki sualtı boru kəməri çəkilməsi, sahil terminalında qaz və kondensatın emalı üçün qurğular tikilməsi, habelə Azərbaycandan Gürcüstan ərazisi ilə Türkiyə sərhədinədək Cənubi Qafqaz boru kəmərinin inşa edilməsi daxildir. Layihənin ümumi dəyəri 3,2 milyard dollardır.
Hesablamalara görə, “Şahdəniz” yatağının qaz ehtiyatları 1 trilyon kubmetrdir. Layihənin səhmdarları BP (25,5 faiz), Norveçin “Statoyl” (25,5 faiz), ARDNŞ (10 faiz), Fransanın “Total” (10 faiz), Rusiyanın “LUKoyl” (10 faiz), İranın “OİEC” (10 faiz) və Türkiyənin “TPAO”(9 faiz) şirkətləridir.