SİYASƏT
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
Bakı, 17 oktyabr, AZƏRTAC
Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Assambleyanın “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartmasını işğal faktını ört-basdır etmək istəməsi ilə əlaqələndirib. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox mülki şəxsin öz tarixi yurd-yuvalarından didərgin düşdüyünü, Xocalıda soyqırımı törədildiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, münaqişədə Azərbaycanın mövqeyi dəyişməzdir, Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycanın mövqeyi bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.
Şahin İsmayılov bununla bağlı mötəbər təşkilatlar, o cümlədən BMT tərəfindən 4 qətnamə qəbul olunduğunu, lakin bunların hələ də icra edilmədiyini tədbir iştirakçılarına xatırladıb.
Sonda deputat tədbir iştirakçılarına müraciət edərək deyib: “Erməni xalqı öz müqəddəratını müəyyən edərək öz dövlətini yaradıb. İndi onlar ikinci erməni dövləti yaratmaq istəyirlər. Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?! Bu, paradoksdur”.
Bu sözlər erməni nümayəndə heyətinin ciddi narazılığına səbəb olub.