İDMAN
Şahmat üzrə Avropa komanda çempionatında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyəti elan edilmişdir
Bakı, 29 oktyabr (AZƏRTAC). Noyabrın 7-dən 18-dək Varşavada şahmat üzrə Avropa komanda çempionatında Azərbaycanı təmsil edəcək qadınlardan ibarət yığma komandanın heyəti məlum olmuşdur.
Çempionatda 16-cı nömrə altında çıxış edəcək milli yığmamızın reytinq göstəricisi 2278-ə bərabərdir. Komandanın heyətinə Gülnar Məmmədova, Xəyalə Abdulla, Nərgiz Umudova, Zeynəb və Türkan Məmmədyarova bacıları daxildir. Çempionatın qadın seksiyasında reytinq üzrə lider Ukrayna yığmasıdır. Bu göstərici üzrə ikinci yeri Gürcüstan, üçüncü yeri Rusiya yığması tutur.
Yarışlar İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaqdır. Qadınlardan ibarət 31 komandanın iştirak edəcəyi çempionatda oyun günləri 8-12 noyabr və 14-17 noyabr tarixlərinə təyin edilmişdir.