ORDU
Şair Ramaldanov: Aprel döyüşlərinin əhəmiyyəti Vətən müharibəsində qazanılan qələbədən sonra daha aydın görünür
Bakı, 2 aprel, AZƏRTAC
Vətən müharibəsində qazanılan qələbədən sonra aprel döyüşlərinin əhəmiyyəti daha aydın göründü. 2016-cı il aprelin 2-dən 5-dək davam edən bu döyüşlər Azərbaycan hərb tarixində mühüm yer tutur. Aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Şair Ramaldanov xatırladıb ki, Aprel döyüşlərinədək düşmən Tərtər, Ağdam və Füzulinin yaşayış məntəqələrini mütəmadi olaraq müxtəlif yüksəkliklərdən, o cümlədən Lələtəpədən atəşə tuturdu. Nəticədə mülki obyektlərdə dağıntılar, eləcə də tələfat olurdu. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq həmin istiqamətlərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin məhdud kontingentinə təhlükə yaradan yüksəklikləri düşməndən azad etmək tapşırığı verildi. Azərbaycan Ordusu bu döyüş tapşırığını uğurla yerinə yetirdi. Həm Lələtəpə, həm də Talış istiqamətindəki strateji yüksəkliklər, yəni böyük bir ərazi nəzarətə götürüldü. Həmin ərazidəki yaşayış məntəqələrinin və dinc əhalinin təhlükəsizliyi təmin edildi. Sonra iki gün ərzində düşmən həmin yüksəklikləri geri qaytarmağa cəhd göstərdi. Ancaq Ordumuzun peşəkarlığı və qəhrəmanlığı sayəsində onlar buna nail ola bilmədilər.
Aprel döyüşlərinin ilk növbədə hərbi cəhətdən böyük əhəmiyyəti oldu. O vaxt işğalçı Ermənistan həmin istiqamətlərdə keçilməz müdafiə xətti barədə mif yaratmışdı və bununla qürrələnirdi. Azərbaycan Ordusu aprel döyüşlərində qısa müddətdə həmin xətti yardı, strateji yüksəklikləri azad etdi. Ordumuz göstərdi ki, əsgərimiz üçün keçilməz müdafiə səddi yoxdur. Bu həm də silahlı qüvvələrimiz üçün bir sınaq idi. Hərbi cəhətdən sübut etdik ki, biz qarşıda qoyulan tapşırığı yalnız təlimlərdə deyil, məhz döyüş şəraitində də yerinə yetirə bilirik.
Aprel döyüşlərində də Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini xatırladan polkovnik deyib: “Bu hadisələr göstərdi ki, Azərbaycan xalqı Qarabağın işğaldan azad edilməsi məsələsində hamılıqla birləşə bilir. Bu birlik sonradan Vətən müharibəsində düşmənin başını əzən “Dəmir yumruğ”a çevrildi. Xalq görünməmiş həmrəylik nümayiş etdirərək Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevi dəstəklədi. Müharibədə əsas missiyanı isə son dövrdə yetişən gənc nəsil yerinə yetirdi. Onlar öz qanı-canı bahasına torpağımızı düşməndən xilas etdi. Bütün bu amillər birləşərək Vətən müharibəsində qələbəmizi şərtləndirdi”.
Ş.Ramaldanov qeyd edib ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etməyə qərar verəcəyi təqdirdə beynəlxalq səviyyədə müxtəlif təzyiqlərlə qarşılaşma riskləri də vardı. Artıq Aprel döyüşlərindən sonra Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, əgər Azərbaycan və Ermənistanı təkbətək qalsa, ordumuz qısa zamanda işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Ali Baş Komandan Azərbaycan Ordusunun peşəkarlığına və qüdrətinə inanırdı və müharibə bunu əyani sürətdə təsdiqlədi. Prezident İlham Əliyev müdrik siyasət yürüdərək, danışıqlardan hər vəchlə yayınan işğalçı Ermənistanı beynəlxalq müstəvidə ifşa etdi, dünya ictimaiyyətini ölkəmizin işğal altındakı torpaqlarını güc yolu ilə azad etməkdən başqa yolu olmadığına inandırmağa nail oldu. Nəticədə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Eyni zamanda, qardaş Türkiyənin Azərbaycanın yanında olması, Pakistanın Azərbaycana mənəvi dəstəyi Azərbaycanın döyüş meydanında Ermənistana qalib gəlməsində mühüm rol oynadı.
Hərbi ekspert deyib ki, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ilk addım, ilk sınaq məhz Aprel döyüşləri oldu. Bununla bağlı aparılan təhlillər nəticəsində bütün sahələr və istiqamətlər üzrə yerli və beynəlxalq səviyyədə lazımi işlər görüldü. Nəhayət, bütün bunların nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Bu şanlı tarix öz başlanğıcını Aprel döyüşlərindən götürür.
Ehtiyatda olan polkovnik xatırladıb ki, Prezident İlham Əliyev Aprel döyüşlərində azad edilən Cocuq Mərcanlı kəndinə qayıdışı Böyük Qayıdışın başlanğıcı kimi səciyyələndirmişdi. Belə də oldu. Bu döyüşlərdən bir neçə il sonra biz Vətən müharibəsində Qələbə qazandıq və ərazi bütövlüyümüzü bərpa etdik. “Aprel döyüşlərində mətinləşən Milli Ordumuz Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrini darmadağın edərək, əsl peşəkarlıq göstərərək işğal altındakı əraziləri 44 gündə azad etdi. Odur ki, biz Aprel döyüşlərini əks-hücum əməliyyatlarının uğurlu aparılmasında mühüm sınaq mərhələsi kimi qiymətləndirə bilərik”, - deyə hərbi ekspert vurğulayıb.