CƏMİYYƏT
Salyanda anbarda 38 əl qumbarası və 47 partladıcı aşkar edilib
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı əsasında Salyan rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin anbarında minalardan təmizləmə əməliyyatı aparıblar.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində təlim məqsədli 38 ədəd “RQD-5” əl qumbarası və 47 ədəd “UZRQM” partladıcısı aşkarlanaraq zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 40 kvadratmetr ərazi yoxlanılıb.
Yanvarın 1-dən aprelin 27-dək agentlik tərəfindən 5136 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 426 min 282 kvadratmetr ərazi yoxlanılıb.