REGİONLAR
Salyanda ötən il 41 min tondan çox tərəvəz yığılıb
Salyan, 14 yanvar, Mahir Babayev, AZƏRTAC
Salyanda ötən il sahələrdən 41 min tondan çox tərəvəz yığılıb. Məhsul istehsalçıları erkən yazda əkdikləri 1385.4 hektar tərəvəz sahəsindən bu günədək 40 min tondan çox məhsul toplayıblar.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul olub. Əkinçilər yola saldığımız 2020-ci ildə sahələrdən 41 min 189.6 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 297.3 sentnerə çatıb.
Tədarük olunan məhsulun 2 min 732 tonunu bibər, 844.6 tonunu badımcan, 699.2 tonunu kələm, 8 min 93.7 tonunu xiyar, 27 min 456.8 tonunu pomidor, 152.2 tonunu sarımsaq, 590 tonunu soğan, 299.1 tonunu isə digər tərəvəz təşkil edib.
Qeyd edək ki, tədarük olunan pomidorun 19 min 359.2, xiyarın isə 1650.8 tonu rayonda mövcud olan 477 istixanada yığılıb.