MƏDƏNİYYƏT
“Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimatı olmuşdur
Şamaxı, 27 dekabr (AZƏRTAC). Şamaxı rayon Mədəniyyət evində millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanovun, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının və pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevin müəllifliyi ilə yeni çap olunmuş “Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimatı keçirilmişdir. Azərbaycan və ingilis dillərində çap olunmuş kitab 1930-40-cı illər repressiyalarına həsr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində E.Süleymanov, siyasi elmlər doktoru professor Ramiz Sevdimalıyev, rayon ağsaqqallar şurasının sədri Aydın Alcanov və başqaları çıxış etmişlər.
Kitabda verilmiş Təklə faciəsi, 1937-ci ilin oktyabrında Şamaxıda keçirilmiş məhkəmə prosesi, tarixi sənədlər, repressiya qurbanlarının foto şəkilləri, qısa tərcümeyi-hal və sair müəlliflərin gərgin zəhmətinin, axtarışlarının səmərəli nəticəsi kimi dəyərləndirilmişdir.
“Şamaxı qırmızı terrorun hədəfində” kitabı repressiya qurbanları - ictimai-siyasi xadim Sultanməcid Əfəndiyevin, maarif xadimi, yazıçı Sultan Məcid Qənizadənin, Aşıq Mirzə Bilalın, yazıçı, ictimai xadim Hacıbala Nəzərlinin və onlarca başqalarının xatirəsinə sanballı töhfədir.