REGİONLAR
Samux rayonu üzrə 135 məzun tələbə adını qazanıb
Samux, 3 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Samux rayonunun ümumtəhsil məktəblərində infrastrukturun yenilənməsi, maddi-texniki bazanın zənginləşdirilməsi, həmçinin tədrisin səviyyəsinin yüksəldilməsi son üç ildə ali məktəbə sənəd verən abituriyentlərin sayının artmasına və onların ildən-ilə daha yüksək nəticə göstərməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, 2016-cı ildə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının ali məktəblərə keçirdiyi qəbul imtahanlarında Samux rayonu üzrə 320 abituriyent iştirak edib və onlardan 135-i respublikanın müvafiq ali məktəblərinə daxil olub. Bu isə ötən illə müqayisədə 31 nəfər çoxdur.
Son üç ilin nəticələrinə görə, bu il tələbə adını qazananlar içərisində 600-dən yuxarı bal toplayan abituriyentlərin sayında da artım qeydə alınıb. Belə ki, ötən il Samux rayonu üzrə cəmi bir nəfər abituriyent 600-dən artıq bal toplayıbsa, 2016-cı ildə yüksək nəticə göstərən abituriyentlərin sayı 8 nəfər olub. Bu isə hələlik Samux rayonunun təhsil sahəsində qazandığı ən yüksək göstərici hesab olunur.