MƏDƏNİYYƏT
Samuxlu məktəblilər ölkəmizin şimal bölgəsini daha yaxından tanıyacaqlar
Samux, 22 avqust (AZƏRTAC, Sabir Əliyev). Avqustun 22-də səhər tezdən Samux rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında böyük canlanma var idi. “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulan Samux məktəblilərindən ibarət qrup böyük sevinclə Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyaya yola düşürdülər.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasiminə rayonun icra strukturlarının nümayəndələri, təhsil işçiləri ilə yanaşı, valideynlər də gəlmişdilər.
Samux Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Kəmalə Xəlilova, rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov və başqaları çıxış edərək dedilər ki, bu gün gənclərimiz xoşbəxtdirlər. Çünki onlar dövlətimizin qayğısı ilə əhatə olunmuşlar. Dövlətimizin başçısı İlham Əliyevin təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət göstərdiyi kimi, müəllim və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinin də qayğısına qalır. İsti yay günlərində məktəblilər üçün bir həyata keçirilən “ölkəmizi tanıyaq” layihəsi də onların mənalı istirahəti ilə bərabər, Azərbaycanın bölgələri haqqında geniş məlumat toplamağa imkan verəcək.
Mərasimdə şagirdlər adından Samux şəhərindəki 2 nömrəli orta məktəbin XI sinif şagirdi Elvin Əhmədli çıxış edərək bu tur-aksiyanın onun da sevincinə səbəb olduğunu söylədi. Bildirdi ki, 4 gün müddətində Quba, Qusar və Xaçmazda bölgənin maddi-mədəni abidələri, aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaqla bərabər, özümə çoxlu dostlar da tapacağam.
Sonra məktəblilər qrup rəhbərlərinin müşayiəti ilə onlar üçün ayrılmış xüsusi avtobuslara əyləşərək respublikamızın şimal bölgəsinə yola düşdülər.