SİYASƏT
Sankt-Peterburqda 28 May - Respublika Günü münasibətilə təntənəli qəbul təşkil olunmuşdur
Sankt-Peterburq, 27 may (AZƏRTAC). Mayın 26-da Sankt-Peterburqdakı “Ermitaj” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümünə həsr edilmiş rəsmi qəbul təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun təşkil etdiyi tədbirdə şəhərin və Leninqrad vilayəti administrasiyalarının nümayəndələri, deputatlar, aparıcı universitetlərin rektorları, muzey direktorları, konsul missiyalarının rəhbərləri, Azərbaycan ictimai təşkilatlarının və Azərbaycan diasporunun, habelə ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması barədə tədbir iştirakçılarına məlumat vermişdir. Diplomat XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlətçiliyinin təşəkkülündə ümummilli lider Heydər Əliyevin misilsiz rolunu vurğulamış, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışmışdır. E.Qulamov çıxışının sonunda strateji tərəfdaşlıq və mehriban qonşuluq məcrasında inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır.
Rəsmi qəbul zamanı Sankt-Peterburq Administrasiyasının Xarici Əlaqələr Komitəsinin MDB ölkələri və RF regionları idarəsi rəisi vəzifəsini icra edən Yevgeni Kassyura çıxış edərək, Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun təbrik məktubunu oxumuşdur. Məktubda Azərbaycanın inkişafının mühüm hadisələrlə və xalqımızın böyük nailiyyətləri ilə əlamətdar olmuş əhəmiyyətli mərhələləri qeyd olunmuş, Sankt-Peterburq və Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinin vacibliyi vurğulanmışdır.
Leninqrad Vilayəti Xarici Əlaqələr Komitəsi başçısının müavini İnna Biroqtskaya tədbir iştirakçılarına vilayətin qubernatoru Aleksandr Drozdenkonun adından təbrik nitqi ilə müraciət etmişdir. Müraciətdə Azərbaycan rəhbərliyinin sosial-iqtisadi inkişafa yönəlmiş və xalqımızın qədim adət-ənənələrini özündə birləşdirən fəal siyasəti vurğulanmışdır.
Sankt-Peterburq Qanunverici Məclisinin Xarici Əlaqələr İdarəsinin rəisi Nərgiz Əhədova Qanunverici Məclisin sədri Vyaçeslav Makarovun təbrik məktubunu oxumuşdur. Məktubda Sankt-Peterburq parlamentinin Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazır olduğu vurğulanmışdır.
Tədbirdə Azərbaycanın müasir simasından, respublika regionlarının inkişafından söz açan videoçarx nümayiş etdirilmişdir.
Proqramın rəsmi hissəsindən sonra qəbul olmuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva