MƏDƏNİYYƏT
Sankt-Peterburqda “Əcnəbilərin baxışı” III Beynəlxalq foto müsabiqəsi keçirilir
Bakı, 11 iyul (AZƏRTAC). Boris Yeltsin adına Prezident kitabxanası (Sankt-Peterburq) peşəkar və həvəskar fotoqraflar üçün “əcnəbilərin baxışı” III Beynəlxalq fotoqraf müsabiqəsi keçirir.
Azərbaycan Fotoqraflar Birliyindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə seçimi üçün kitabxananın portalında əcnəbilərin Rusiyada və digər ölkələrdə çəkdikləri şəkillər qəbul ediləcəkdir. Fotoşəkillərin bir hissəsi Prezident Kitabxanasının elektron fonduna daxil ediləcəkdir.
Bu il müsabiqənin şüarı “Dövlət dünən, bu gün və sabah”dır. Azərbaycan vətəndaşları xaricdə, məsələn, Rusiyada, Türkiyədə, İranda və digər ölkələrdə çəkdikləri şəkilləri “Ölkələr və simalar”, “Xalqlar və ənənələr”, “Mədəniyyətlərin qarşılıqlı fəaliyyəti”, “Müasir texnologiyalar”, “Tarixin dərinliklərindən”, “Silsilə fotoşəkillər müsabiqəsi” nominasiyalarına göndərə bilərlər.
Prezident Kitabxanasının ilk “Əcnəbilərin baxışı” müsabiqəsi 2010-cu ildə keçirilmişdir. İki il ərzində müsabiqədə təxminən 30 ölkədən, o cümlədən Rusiyadan, yaxın və uzaq xaricdən fotoqraflar iştirak etmişlər.
Müsabiqənin tərəfdaşları bir sıra federal və regional nəşrlər, habelə Sankt-Peterburq Dövlət Universitetidir.
Fotomüsabiqədə iştirak etmək üçün Prezident Kitabxanasının internet portalında qeydiyyatdan keçmək, xüsusi formadan istifadə edərək fotoşəkili elektron formada yükləmək lazımdır.
Fotoşəkillər bu il oktyabrın 9-dək qəbul ediləcəkdir. Noyabr ayında müsabiqə yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.