S.A.Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin may ayında neft və qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, keçmiş sovetlər birliyində, eləcə də Azərbaycanda neft və qaz sənayesinin inkişafında mühüm xidmətləri olmuş Sabit Orucovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2011-ci il.