DÜNYA
Şassisiz enişdən sonra Varşava hava limanı bir gün müddətinə bağlanmışdır
Bakı, 2 noyabr (AZƏRTAC). ABŞ-dan Varşavaya istiqamət götürən Polşaya məxsus “Boinq-767” təyyarəsi noyabrın 1-də Frederik Şopen adına beynəlxalq hava limanında şassisiz enmişdir. Təyyarənin yerə sərt çırpılması nəticəsində içərisindəki 231 adamdan heç biri xəsarət almamışdır. Lakin hava limanı azı bir gün müddətinə bağlanmışdır.
Bu barədə noyabrın 2-də məlumat verən hava limanının mətbuat katibi demişdir ki, qəzasız enən avialayner uçuş-enmə zolağının kəsişdiyi yerdə dayandığı üçün aeroportun başqa təyyarələri qəbul etməsi, yaxud uçuşlar həyata keçirməsi mümkün deyildir. “Boinq” şirkətinin mütəxəssisləri təyyarənin texniki vəziyyətini yoxlamaq və uçuş-enmə zolağından çıxarılmasına kömək etmək məqsədi ilə Sietldən Varşavaya gəlmişlər. Uçuş-enmə zolağı bağlı olduğu üçün Polşa paytaxtında enməli olan bütün təyyarələr digər şəhərlərə, o cümlədən Poznan, Lodz, Katovitse, Qdansk və Krakova üz tutmuş, reyslərin əksəriyyəti təxirə salınmışdır.