İQTİSADİYYAT
Saxlama müddəti ötmüş 765 kiloqram ərzaq satışdan çıxarılmışdır
Bakı, 6 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xətai rayonunda “Sevimli Dad”, “Günəş”, “Fərid” marketlərdə, İnsaf Mirzəyevaya, “İN QRUP” MMC-yə, Marifə Yusifovaya, Nəsimi rayonunda Elmar Həsənova, Əbülfət Həsənova, Zabit Muradova məxsus mağazalarda, “Pərviz”, “Sənan”, “Rahat market”lərdə, Yasamal rayonunda Rafiq Yusifova, Sənubər Babayevaya, İmran İsgəndərova, Xəyal Ələkbərova, Müşərrəf Əhmədovaya məxsus mağazalarda, “Eksperimental market”də, Səbail rayonunda “Azeri Retail” MMC-yə məxsus mağazada, Xəzər rayonunda “İlham” marketdə, Hacıqabul rayonunda Mahir Həşimova, Elçin Rzayevə, Xaçmazda Ramazan Hüseynova, Şəmkirdə Rəfiqə Cəfərovaya, Füzulidə Elçin Abdullayevə, Saatlıda İmran Quliyevə və Cəlil Mehdiyevə məxsus mağazalarda ümumi çəkisi 765 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.