İQTİSADİYYAT
Saxta elektrik kabel və naqillərinin satışının qarşısı alınmışdır
Bakı, 6 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları Zabrat qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Əlişov Ülvi Əbülfət oğluna məxsus sexdə yoxlama aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı sexdə saxta elektrik kabeli və naqillərin istehsal edildiyi müəyyən olunmuşdur. Bununla yanaşı, Ülvi Əlişov tərəfindən yerli təsərrüfat subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi də müəyyənləşmişdir.
Aşkar edilmiş saxta 175 min metr elektrik kabel və naqillərin satışı dayandırılmışdır.
Ülvi Əlişovun barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı ilə bağlı araşdırma aparılır.