İQTİSADİYYAT
Saxta sement istehsalının qarşısı alınır
Bakı, 29 noyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 3, 55-ci kilometr ünvanında “Qaradağ-AND” MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı “Qaradağ-AND” əmtəə nişanlı M-400 və M-500 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi aşkarlanmışdır. Həmçinin bu sementlərin ümumi təyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə istehsal olunan sementlərin etiketində netto və brutto çəkilərinin qeyd olunmadığı müəyyənləşdirilmişdir.
Bundan başqa, “Qaradağ-AND” əmtəə nişanlı M-300, M-400 və M-500 markalı sementlərin etiketlərində məhsulların “Qaradağ-AND” MMC-nin laboratoriyasında yoxlanıldığına dair məlumat verilsə də, laboratoriyanın müvafiq akkreditasiyadan keçirilmədiyi aşkar olunmuşdur.
Eyni zamanda, yoxlama zamanı sementlərin etiketində heç bir normativ-texniki sənədə əsaslanmadan onun istifadə qaydaları barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən “Qaradağ-AND” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Araşdırmalar davam edir.