İDMAN
“Şaxtyor”un futbolçuları Çempionlar Liqasının oyunundan əvvəl qoç kəsmişlər
Bakı, 20 avqust (AZƏRTAC). Çempionlar Liqasının Karaqandanın “Şaxtyor” və Şotlandiyanın “Seltik” komandaları arasında təsnifat mərhələsinin play-off oyunları çərçivəsində ilk görüşdən əvvəl “Astana-Arena” stadionunun yaşıl meydançasında qara qoç qurban kəsilmişdir. AZƏRTAC bunu Qazaxıstan KİV-lərinə istinadla xəbər verir.
Qoçu futbol üzrə Qazaxıstan çempionu olan Karaqanda komandasının açıq məşqindən əvvəl kəsmişlər. Bildirilir ki, qurbanın kəsilməsi üçün məsciddən məxsusi olaraq molla dəvət olunmuşdur və o, mərasimi icra etmişdir.
Bu, klubun ən məsul oyunlardan əvvəl icra etdiyi, ənənə halını almış ayindir. Uğur qazanmağa kömək edən bu qədim mərasimi keçirmək təşəbbüsü “Şaxtyor”un futbolçuları tərəfindən irəli sürülmüşdür.
“Şaxtyor” klubunun rəhbəri Viktor Kumıkov bildirmişdir: “Adət-ənənəyə əməl etmişlər. Uşaqlar bizim üçün hər yeni mərhələdən, Çempionlar Liqasının qrup mərhələsinin oyunlarından əvvəl qurban kəsmək təşəbbüsünü irəli sürmüşlər.
“Şaxtyor” və “Seltik” komandaları arasında ilk oyun avqustun 20-də “Astana-Arena” stadionunda keçiriləcəkdir. Qalib komanda Avropanın futbol üzrə ən nüfuzlu kubokunun qrup mərhələsinə çıxacaqdır.