CƏMİYYƏT
Səbail rayonunda “İƏT coğrafiyasında cərəyan edən münaqişələr və sülh perspektivləri” mövzusunda simulyasiya konfransı keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
Səbail Rayon Gənclər və İdman İdarəsinin, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Politoloqlar Klubunun həmtəşkilatçılığı ilə Akademiyada “İƏT coğrafiyasında cərəyan edən münaqişələr və sülh perspektivləri” mövzusunda keçirilən “DİA İƏT Modeli 2022” simulyasiya konfransı keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində çıxış edən DİA-nın sosial məsələlər, təşkilati işlər və təlim-tərbiyə üzrə müşaviri Zaur Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva və İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin layihə meneceri Səid Omanov belə layihələrin ölkənin insan kapitalına, kadr potensialına, o cümlədən, gənclərin intensiv inkişafına töhfə verdiyini vurğulayıblar.
İki sessiyadan ibarət olan konfransda “Yaxın Şərqdə geosiyasi qeyri-stabillik: çağırışlar və maraqların toqquşması” və “İƏT coğrafiyasında regional təhlükəsizliyin təmini: Asiya regionunda əsas təhdidlər və perspektivlər” mövzuları ətrafında debatlar keçirilib.
Həmin mövzuları idarəolunan və idarəolunmayan debat formatlarında müzakirə edən gənclər, İƏT məkanında baş verən geosiyasi dəyişikliklərlə yaxından tanış olub, İƏT institutları barədə yeni məlumatlar əldə ediblər.
Simulyasiya konfransında Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 25 tələbə iştirak edib. Nümayəndə qismində çıxış edən gənclər özünüifadə, diskussiya, debat bacarıqlarını artıraraq, beynəlxalq münasibətlər sisteminin işləmə mexanizmlərinin praktiki şəkildə şahidi olublar.
Tədbirin sonunda “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debatçı”, “Ən yaxşı debütant” və “Bacarığı ilə fərqlənən nümayəndə” nominasiyalarına layiq görülən gənclər xüsusi sertifikatlarla təltif olunub.
Artıq 10 ildən çoxdur ki, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “İƏT Modeli” proqramının əsas məqsədi İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, onların diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə qazanmasına yardım etməkdir.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT miqyasını əhatə edən və 40-dan çox təşkilata üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər.