CƏMİYYƏT
SƏBAİL RAYONUNUN NÜMAYƏNDƏLƏRİ DAXİLİ QOŞUNLARIN “N” SAYLI HƏRBİ HİSSƏSİNDƏ GÖRÜŞ KEÇİRMİŞLƏR
Bakı, 27 aprel (AZƏRTAC). Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində Daxili Qoşunların Zaqatala şəhərindəki “N” saylı hərbi hissəsində Səbail Rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri ilə görüş keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə təşkil etdiyi görüşün iştirakçıları hərbi hissə ilə tanış olmuş, əsgər kazarmasına, tibb məntəqəsinə, xidməti otaqlara baxmış, qonaqlara şəxsi heyətin müxtəlif əməliyyatlarda istifadə etdikləri silah və hərbi texnika, onların döyüşdə tətbiqi barədə məlumat verilmişdir.
Tədbiri açan hərbi hissənin komandiri, polkovnik Vurğun Abbasov qonaqları salamlamış, şəxsi heyətin xidməti barədə ətraflı məlumat vermişdir.
Şəxsi heyət qarşısında çıxış edən Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov Daxili Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etdiyini qeyd etmiş və əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən onlar üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayan A.Əsgərov dövlətimizin başçısının səyləri nəticəsində respublikamızın Silahlı Qüvvələrinin, o cümlədən bütün qoşun növlərinin inkişaf etdirildiyini, hər cür texnika və hərbi sursatla tam təmin olunduğunu, hazırkı şəraitdə Daxili Qoşunların ölkədə asayişi qorumaqla yanaşı, işğal altındakı torpaqları müharibə yolu ilə azad etmək imkanına malik olduğunu qeyd etmişdir.
Sonra hərbi hissədə respublikamızın tanınmış incəsənət xadimlərinin iştrakı ilə konsert təşkil olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti hərbi hissəyə kompyuter dəsti hədiyyə etmişdir.
######