CƏMİYYƏT
Səbinə Salmanova: Ölkəmizdə siyasi partiyalar həmrəylik nümayiş etdirirlər
Bakı, 4 mart, AZƏRTAC
Ölkəmizdə siyasi partiyalar həmrəylik nümayiş etdirirlər. Bu həmrəyliyin ən gözəl nümunəsi odur ki, partiyaların, xalqımızın Prezidentimizə etimadı çox böyükdür və onun ətrafında sıx birləşib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda keçirilən konfransda bildirib.
S.Salmanova vurğulayıb ki, Azərbaycan qadınları çox fəaldırlar və onlar ictimai-siyasi həyatın bütün sahələrində təmsil olunurlar.
Ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığını diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib: “Məhz bunun nəticəsidir ki, bütün siyasi partiyalar da daxil olmaqla, ümumilikdə Azərbaycan xalqı bir oldu, həmrəy oldu. Dialoq mühüm şərtdir və biz bunu Vətən müharibəsində aydın gördük”.