SİYASƏT
“SEÇKİ–2008” QHT KOALİSİYASI AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİN AZAD VƏ DEMOKRATİK PRİNSİPLƏR ƏSASINDA KEÇİLDİYİNİ BƏYAN ETMİŞDİR
Azərbaycanda prezident seçkiləri beynəlxalq normalara uyğun olaraq, yerli və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, azad və demokratik prinsiplər çərçivəsində keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, prezident seçkilərini fəal surətdə izləyən “Seçki-2008” QHT Koalisiyasının ilkin rəyinin məğzi bundan ibarət olmuşdur.
Oktyabrın 16-da keçirilən mətbuat konfransında koalisiyanın əlaqələndiricisi Vahid Qazı seçkilərdə iştirak edən bütün namizədlərə fəal təbliğat və təşviqat kampaniyası aparmağa bərabər şəraitin yaradılmasını, seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi mexanizminin təkmilləşdirilməsini, 500 məntəqədə səsvermə prosesinin veb-kameralarla canlı izlənilməsini, seçkilərin şəffaflığına ictimai nəzarət imkanlarının genişləndirilməsini yüksək qiymətləndirmişdir. Bununla bərabər yerli icra nümayəndələrinin seçkilərə müdaxiləsinin qadağan olunması, “exit-poll” aparan təşkilatların MSK-da akkreditasiyadan keçməsi və bu fəaliyyətin seçki sisteminin tərkib hissəsi kimi məcəllədə təsbit edilməsi, adları siyahıda olmayan seçicilərin adlarının məhkəmələr tərəfindən deyil, məntəqə seçki komissiyaları tərəfindən bərpa edilməsi, seçicilərin barmaqlarının şəffaf mürəkkəblə işarələnməsi, seçkilərin ilkin nəticələrinin MSK tərəfindən 2 gün müddətində deyil, dərhal elan edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməsi kimi müsbət xarakterli dəyişikliklər nəzərə alınmaqla, ümumilikdə Seçki Məcəlləsi seçki prosesini inkişaf etdirməyə və demokratik seçkilər keçirməyə zəmin ola biləcək hüquqi bazanı təmin etmişdir.
Vurğulanmışdır ki, “Seçki-2008” QHT Koalisiyası seçkiləri 59 dairə üzrə 1457 məntəqəni əhatə edən yerli müşahidəçi korpusu ilə müşahidə etmişdir. Müşahidəçilər koalisiyaya üzv təşkilatların regional bölmələri tərəfindən seçilmişlər. Onların arasında müxtəlif QHT-lərin üzvləri, yerli ictimai fəallar, tələbələr çoxluq təşkil etmişdir.