SİYASƏT
Seçki məntəqələrində vətəndaşların azad və demokratik şəraitdə səs verməsi üçün hər cür şərait yaradılmışdır
Bakı, 9 oktyabr (AZƏRTAC). Tərkibində 33 seçki məntəqəsi olan 25 saylı Nizami II seçki dairəsi üzrə 43 min 944 vətəndaşın öz iradəsini azad və demokratik şəraitdə bildirməsi üçün hər cür şərait yaradılmışdır.
Bu sözləri AZƏRTAC-a 25 saylı Nizami II seçki dairəsi dairə seçki komissiyasının sədri Heydər Vəliyev demişdir.
Dairə seçki komissiyasının sədri bildirmişdir ki, səsvermədə şəffaflığın təmin olunması məqsədilə 10 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Bütün məntəqə seçki komissiyalarının üzvləri hər bir seçicinin müraciətinə həssaslıqla yanaşırlar.
Səsvermənin başlamasından qısa müddət keçməsinə baxmayaraq məntəqələrdə vətəndaşların fəallığı müşahidə olunur. Beynəlxalq və yerli müşahidəçilər səsvermənin gedişini diqqətlə izləyir, heç bir qanun pozuntusunun olmadığını bildirirlər.