SİYASƏT
SEÇKİLƏR DEMOKRATİK, HÜQUQİ DÖVLƏT QURUCULUĞU, ÖLKƏDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI SAHƏSİNDƏ İRƏLİYƏ DOĞRU ATILMIŞ ADDIM KİMİ AZƏRBAYCANIN BÖYÜK NAİLİYYƏTİDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu ölkədə prezident seçkiləri ilə bağlı oktyabrın 16-da mətbuat konfransı keçirmişdir.
Birgə İşçi Qrupunun nümayəndəsi, amerikalı Mark Veys qurumun seçkilər ərəfəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı rəy və təkliflərini hazırladığını, səsvermə günü Bakı, Sumqayıt, Gəncə, Göyçay, Quba və digər şəhərlərdə 87 seçki məntəqəsində prosesi yaxından izlədiklərini söyləmişdir.
Bildirilmişdir ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ümumilikdə Azərbaycanda seçki institutlarının daha səmərəli fəaliyyət göstərməsinə, vətəndaşların seçki hüququnun təmin olunmasına xidmət etmişdir. Seçki Məcəlləsinə əlavə dəyişikliklər edilərkən Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təklif və tövsiyələri nəzərə alınmışdır.
Digər çıxış edənlər səsvermə günü məntəqələrdə seçicilərə hər hansı təzyiqlərin edilmədiyini, yerli icra strukturları və hüquq mühafizə orqanlarının nümayəndələri tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyini diqqətə çatdırmışlar. Seçicilərin öz səsvermə hüquqlarından istifadə edərək fəallıq göstərdikləri, onların öz iradələrini sərbəst həyata keçirmələri üçün bütün zəruri şəraitin yaradıldığı bildirilmişdir. Səsvermə prosesinin, məntəqə seçki komissiyaları üzvləri tərəfindən bülletenlərin sayılmasının, səslərin hesablanmasının qanunvericilikdə müəyyən edilmiş normalar çərçivəsində həyata keçirildiyi vurğulanmış, ümumiyyətlə, prezident seçkilərinin demokratik, hüquqi dövlət quruculuğu, ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində irəliyə doğru atılmış addım kimi Azərbaycanın böyük nailiyyəti olduğu nəzərə çarpdırılmışdır.
Sonda seçkilərin yekunları ilə bağlı hazırlanmış bəyanatın mətni oxunmuşdur.