SİYASƏT
Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin 10 illik hakimiyyəti Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır
Bakı, 11 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin 10 illik hakimiyyəti Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva demişdir.
S.Vəliyeva 2003-2013-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tarixi nailiyyətlərə imza atıldığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün də uğurla davam etdirilən sosial-iqtisadi və siyasi inkişaf konsepsiyasının gələcək üçün də əsaslı şərait yaratdığını diqqətə çatdırmışdır.
Deputat bildirmişdir ki, son 10 il ərzində çox möhtəşəm işlər görülmüş, böyük uğurlar qazanılmışdır. Ölkədə 1 milyondan artıq iş yerləri açılmış, yoxsulluğun səviyyəsi 5-6 dəfə azalmış, insanların rifah halı yüksəlmişdir. Bildirilmişdir ki, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməsi də bu uğurlar sırasındadır.
S.Vəliyeva xalqımızın yenə siyasi iradə nümayiş etdirəcəyini, dövlətimizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişdir.