REGİONLAR
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Sədərək, 21 oktyabr, AZƏRTAC
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda rayonun kəndlərindən 20-dən artıq ailə təsərrüfatı tərəfindən 108 adda, 5014-dən çox qablaşdırılmış kənd təsərrüfatı məhsulları - mövsümi meyvələr, müxtəlif növ mürəbbə və şirniyyatlar, meyvə araqları, pendir, cəviz, eləcə də turşular, təbii meyvə şirələri, dərman bitkiləri, milli mətbəximizə aid müxtəlif çörək növləri və digər məhsullar iştirakçılara təqdim edilib. Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Yallı” qrupunun ifaları buraya gələnlərdə xoş ovqat yaradıb.
Festivalda iştirak edən sədərəkli ailə təsərrüfatçılarından İlham Abdullayev AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları ilə söhbətində bildirib ki, uzun illərdir arıçılıqla məşğuldur və bir neçə ildir ailə təsərrüfatı sahibidir. O deyib ki, rayonda iş adamlarına, fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara geniş imkanlar açılıb. Hara baxırsan, taxıl zəmiləridir, kartof, bostan-tərəvəz sahələridir, üzüm, meyvə bağlarıdır. Belə təsərrüfatlar özünüməşğulluq vasitəsi sayılmaqla bərabər, həm də geniş biznes üçün ilk təcrübə deməkdir. Xüsusən də ucqar yaşayış məntəqələrinin sakinləri üçün. Bu günün ailə təsərrüfatçısı sabahın fiziki şəxsi, sonra isə daha böyük sahibkarıdır.
Sədərək kənd sakini Nazirə Əliyeva öz pay və həyətyanı torpaqlarında əkinçiliklə məşğul olduğunu qeyd edib. Bildirib ki, bu gün muxtar respublikada, demək olar ki, hər bir ailə pay torpaqlarına sahibdir. Torpaq mülkiyyətçiləri, fermerlər sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq, ailələrinin güzəranını yaxşılaşdırmaq imkanları qazanıblar. Kənd adamları torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad ediliblər. Bütün bunlar, son nəticədə, məhsul istehsalının yüksək sürətlə artması ilə nəticələnib, əhalinin rifah halı xeyli yaxşılaşıb. Bu cür tədbirlərin keçirilməsi isə biz ailə təsərrüfatçılarına böyük qayğıdır.
Digər ailə təsərrüfatı başçısı Mehparə Hüseynova deyib: “Əvvəllər çətinliklərimiz çox olub. Lakin öz qohum-əqrəbamın, yaxın qonşularımızın köməyini gördükdə qərara aldım ki, elə işimizi onlarla birlikdə quraq. Fikrimlə razılaşdılar. Onlar arasında müəllim də, aqronom da, sürücü də var. Atalarımız çox doğru deyib: “El bir olsa, dağ oynayar yerindən”. Biz bu birliyi ailə təsərrüfatını yaradandan sonra bir daha gördük və bu gün də görürük. İstər əkin vaxtı, istərsə də məhsul yığımı və qablaşdırılmasında ailə üzvlərimizin əməyindən istifadə edirəm. Birlik olmadan bu qədər işin öhdəsindən gəlmək mümkün deyil. Yaxşı çalışmaq yaxşı qazanmaq, ölkəmizin iqtisadiyyatına töhfə vermək və yaxşı yaşamaq deməkdir. Dövlətimiz sağ olsun ki, bizə belə şərait yaradıb. Yaxın günlərdə Naxçıvan şəhərində keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalına müxtəlif çeşidlərdə məhsul çıxaracağıq”.
Həmin təsərrüfatın üzvü Səfər Əliyev vurğulayıb ki, ailə təsərrüfatlarına dövlət tərəfindən lazımi kömək göstərilir: “Yanacaq, gübrə, güzəştli kreditlərin verilməsi biz təsərrüfatçılar üçün böyük dəstəkdir. Kənd adamı illik ruzisini malından, heyvanından, bağından, bağçasından, əkindən, biçindən tədarük edir. Əvvəllər əkib ərsəyə gətirdiyimiz məhsulun öz ehtiyacımızdan artıq qalan hissəsini saxlamaq, satmaq imkanımız az idi. Amma indi dövlətimiz elə şərait yaradıb ki, öz ehtiyacımızdan artıq qalanını satır, digər tələbatlarımızı ödəyirik”.
Qədim Naxçıvan diyarı yüksəkkeyfiyyətli yerli məhsulları ilə tanınır. Göycəsi, əriyi, çeşid-çeşid pencərləri, pendiri, qovurması, lavaşı həmişə adla deyilib. Bu məhsulların həcm və çeşidinin çoxaldılması muxtar respublikanın istehsal və ixrac imkanlarını daha da genişləndirir. Elə keçirilən festivallarda çıxarılan məhsullara alıcı tələbatının artması da bunu bir daha sübut edir.