SİYASƏT
Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşun tələblərinə cavab verir
Bakı, 19 iyun (AZƏRTAC). Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşun tələblərinə cavab verir və Milli Məclisdə qəbul olunmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, Məcəllənin layihəsi iyunun 19-da üçüncü oxunuşda parlamentin hüquq siyasəti və dövlət quruculuğu, iqtisadi siyasət komitələrinin birgə iclasında əlaqədar qurumların təmsilçilərinin, mütəxəssislərin iştirakı ilə müzakirə olunmuşdur.
Bildirilmişdir ki, Məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcəkdir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demişdir ki, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflər işçi qrup tərəfindən diqqətlə öyrənilmiş, böyük əksəriyyəti nəzərə alınmışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Məcəllənin ölkə iqtisadiyyatının inkişafı baxımından, sosial həyat üçün vacib sənədlərdən biri olacağını qeyd etmiş və bildirmişdir ki, bu, şəhərsalma və tikinti sahəsində bir sıra mövcud məsələlərin həllini təmin edəcək, tikinti və şəhərsalma mədəniyyətinin inkişafına, sərbəst bazar münasibətlərinin mükəmməl formalaşmasına müsbət təsir göstərəcəkdir.
Qanun layihəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsinin onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidir. Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Ümumi və baş planlar təsdiq olunduqdan sonra normativ hüquqi aktların tələblərinə və qaydalarına uyğun dərc edilir və qüvvəyə minir.
Məcəllə layihəsinin 79-cu maddəsində tikintisinə icazə tələb olmayan obyektlər göstərilir. Bu sıraya hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektlərinin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisi də daxildir.
Layihədə tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikintidə təhlükəsizlik, icazənin verilməsi üçün icraat, icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikinti obyektinin istismarına icazə verilməsi, dövlət reyestri və digər məsələlər əksini tapmışdır.
İclasda Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar məcəllələrinə, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı”, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunlara təklif olunan əlavələr və dəyişikliklər də müzakirə olunmuşdur. Bildirilmişdir ki, Cinayət Məcəlləsinin kibercinayətlərlə bağlı fəslinə təklif olunan dəyişikliyə əsasən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmaya görə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Layihədə bu cür hallarla bağlı daha bir neçə məsuliyyət müəyyənləşir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunmuşdur.