REGİONLAR
Şəhid ailəsi fərdi evlə təmin olunub VİDEO
Qusar, 28 iyul, Elxan Yusifli, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, iyulun 28-də Qusar rayonunun Həsənqala kəndində inşası başa çatan ilk fərdi ev şəhid ailəsinin istifadəsinə verilib.
Bu münasibətlə təşkil olunan mərasimdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5 min 731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mənzillə təmin edilməsi nəzərdə tutulur. Sərəncamın icrası çərçivəsində 52 rayonda 375 fərdi evin inşası həyata keçirilib. Onlardan inşası artıq başa çatmış ilk fərdi ev Qusar rayonunun Həsənqala kəndində şəhid ailəsi Səlimə Hacıyevaya təqdim olunub.
Səlim Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir yaşayış binasının müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verildiyini xatırladıb. Qeyd olunub ki, hazırda Bakı şəhərində, eləcə də İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 çoxmənzilli yaşayış binası tikilir. Həmçinin hazır binalardan 165 mənzilin alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək. Ümumilikdə cari il ərzində 964 mənzilin və fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır.
Nazir Səlim Müslümov hazırda Qusar rayonunda daha üç fərdi evin tikildiyini diqqətə çatdıraraq bildirib ki, bu evlərin yüksək keyfiyyətli tikinti materiallarından və müasir tələblərə uyğun səviyyədə inşa olunmasına xüsusi diqqət yetirilir. Mənzillərdə ailələrin normal səviyyədə, rahat yaşaması üçün bütün lazımi şərait yaradılıb.
Nazir çıxışında müharibə əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqlarını diqqətə çatdırıb: “Hazırda müharibə əlilləri və onlara bərabər tutulan 18 min 784 nəfər vətəndaş sosial müavinət və ya əmək pensiyası ilə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunurlar. Onların 12 min 289 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği Prezidentin müvafiq Fərmanına əsasən 50 faizə yaxın artırılıb. 13 min 405 şəhid ailəsinə də Prezidentin aylıq təqaüdü ödənilir ki, həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata çatdırılıb. Müharibə əlilləri və şəhid ailələrinin uşaqları aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin olunurlar. Eləcə də onların ödənişli təhsil alan övladları təhsil haqqından azad ediliblər. “Əmək pensiyaları haqqında” Qanunla isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanılır”.
Mərasimdə iştirak edənlər yeni fərdi evlə təmin olunan şəhid ailəsini bu münasibətlə təbrik edib, ailəyə xoş arzularını çatdırıblar.
Şəhid ailəsi Səlimə Hacıyeva və doğmaları Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş insanların xatirəsinin daim uca tutulması, onların ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.