ELM VƏ TƏHSİL
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları “Turizm inkişaf planı” ilə bağlı müzakirələrdə iştirak ediblər
Bakı, 16 fevral, AZƏRTAC
Şəki Destinasiya Menecmenti Təşkilatı və Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Turizm inkişaf planı”nın hazırlanması istiqamətində sənaye nümayəndələri ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Şəki REM-in elmi işlər üzrə direktor müavini Fərhad Əzizov çıxış edərək şimal-qərb bölgəsində turizmin inkişafının stimullaşdırılması baxımından hazırlanan sənədin önəmini qeyd edib. O, turizmdə klasterləşmənin tətbiqi və kənd turizminin paradiqmasına uyğun logistik fəaliyyətlərin gücləndirilməsi, turizmdə beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, xüsusən də xarici bazar konyukturuna uyğun qiymətlərin və turizm məhsullarının hazırlanması və təqdim olunmasının əhəmiyyətindən danışıb.
Fərhad Əzizov Şəki, Qax, Zaqatala və Balakən üzrə bir sıra dünya və ölkə əhəmiyyətli abidələrin, yeni turizm rekreasiya zonalarının təqdim olunan klasterlərə salınmasının vacibliyini vurğulayıb. O, bu sahədə birgə fəaliyyətlərin gücləndirilməsi və əlaqələrin qurulması məqsədilə Regional Turizm Logistik Mərkəzinin yaradılması təklifini irəli sürüb.
Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova isə çıxışında Qax rayonu ərazisindəki mövcud rekreasiya ehtiyatları, mineral və termal sular əsasında istirahət-müalicə obyektlərinin yaradılmasının əhalinin sağlamlığı baxımından önəmli olduğunu diqqətə çatdırıb.
Şəki REM-in təqdim etdiyi təkliflər sırasında Ekoloji coğrafiya şöbəsinin rəhbəri Qafqaz Ağabalayev tərəfindən 2018-ci ildə qeydə alınan Kiş çayının Damarçın qolu üzərindəki Xudgər və 2023-cü ildə qeydə alınan Meşəbaşı şəlalələrinin, Danaveç yaylasının, eləcə də Baş Şabalıd biogeosenozunun xüsusi mühafizə olunan təbiət ərazisi olaraq klasterlərə əlavə edilməsi kimi əhəmiyyətli məsələlər də yer alıb.
Təqdim olunan təkliflərin qəbul edildiyi və “Destinasiya inkişaf planı” adlı strategiya sənədində nəzərə alınacağı bildirilib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizmin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərini özündə birləşdirən, hazırlanmaqda olan “Destinasiya inkişaf planı” adlı strategiya sənədinin əsas məqsədini regional turizm idarələrinin növbəti 5 ildəki fəaliyyətlərinə istiqamət vermək təşkil edir.