REGİONLAR
Şəkidə 66,1 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır
Şəki, 4 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 66 min 100 hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 36 min 350 hektarına buğda, 29 min 750 hektarına isə arpa səpiləcək. Rayonun Suçma, Baş Göynük, Kiçik Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda bir neçə gündür ki, arpa səpininə başlanılıb. İlk günlər bu ərazilərdə 280 hektara dən üçün arpa səpilib. Eyni zamanda, bu günədək rayonda 160 hektarda yaşıl yem üçün xəsil arpa səpini də aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 41 min 420 hektar sahədə şum qaldırılıb. Səpin üçün 13,3 min ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər toxum ehtiyatı yaradılıb. Hazırda səpin üçün ayrılmış toxumun təmizlənərək dərmanlanması prosesi aparılır. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Ümumilikdə, səpin kampaniyasına 282 ədəd şum traktoru, 65 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb ediləcək.