Şəkidə bayram yarmarkası açılıb
Şəki, 29 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Şəki şəhərinin Sabit Rəhman küçəsində bayram satış yarmarkası fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, bal, quş əti, yumurta, meyvə, tərəvəz, göyərti, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından ucuz qiymətə təklif olunur. Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyəti və qiymətlərdən razı qaldıqlarını bildirirlər.